
Bu həftənin əvvəli Əlcəzairdə Türkiyə-Əlcəzair Birgə Planlaşdırma Qrupunun 3-cü iclası keçirildi. Xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi birgə iclasda iki ölkə arasında dəmir, tekstil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq layihələri müzakirə olunub.
Əlcəzair xarici işlər naziri Əhməd Attaf bildirib ki. son illərdə Türkiyə və Əlcəzair arasında ticarət əlaqələri ölkələrin tarixində görünməmiş səviyyəyə yüksəlib. Attafın sözlərinə görə. hazırda 6 milyard dollar olan qarşılıqlı ticarət dövriyyəsini yaxın illərdə 10 milyard dollara yüksəldəcəklər.
Qeyd edək ki, Türkiyə-Əlcəzair əlaqələri son 10 ildə sürətlə inkişaf edib. Bu, həm də Şimali Afrikada Fransa-Türkiyə rəqabətinin yüksəldiyi dövrə təsadüf edib. 2018 və 2020-ci illərdə Türkiyə prezidenti Əlcəzairə, 2022-ci ildə isə Əlcəzair prezidenti Əbdülməcid Tabbun Türkiyəyə səfər edib və bu səfər zamanı iki ölkə arasında 15 saziş imzalanıb.
Türkiyənin Liviyadan sonra Əlcəzairdə fəallaşması Şimali Afrikanın “patronu” Fransanı narahat edir. Çünki Türkiyənin Afrikada fəallaşması paralel olaraq Şimali Afrikada Fransaya qarşı soyuq münasibətlərlə müşayiət olunub.
Fransa prezidenti Emmanuel Makron açıq şəkildə bildirib ki, Türkiyə Şimali Afrikada tarixi faktlardan istifadə edərək Fransaya qarşı düşmənçilik təbliğatı aparmaqda ittiham edib. Söhbət, Əlcəzairdə son illərdə yüksələn islamçılıq fonunda Osmanlı keçmişinə müsbət münasibət və bunun fonunda Fransa müstəmləkəsi dövrü qanlı tarixinin yenidən qabardılmasıdır. Rəsmi Paris düşünür ki, Rusiya və Türkiyə Fransanı Afrikadan sıxışdırmaq üçün müstəmləkə dövrünün “acı yaddaşından” istifadə edir. Fransa 1954-1962-ci illərdə Əlcəzair istiqlaliyyət müharibəsi zamanı 1,5 milyon əlcəzairlinin ölümünə səbəb olub. İki ölkə arasında müstəmləkə keçmişi tez-tez siyasi qalmaqallara səbəb olub.
Digər tərəfdən, son illərdə Fransa Afrikadakı müstəmləkələrini sürətlə itirir. Son 10 ildə Fransanın təsir dairəsində olan Mali, Çad, Qvineya, Burkina Faso, Qabon və Nigerdə baş verən çevrilişlər bu ölkələrdə hakimiyyət dəyişikliyi və paralel olaraq Fransanın təsirinin qırılmasına səbəb olub. Paris isə buna görə Rusiya və Türkiyəni ittiham edir. Çünki faktiki olaraq Mərkəzi və Şimali Afrikada Fransanın “tərk etdiyi” ölkələrə Türkiyə və Rusiya daxil olur. Çin isə artıq uzun illərdir Afrika iqtisadiyyatını ələ keçirməkdədir.