Hinsitan-Pakistan gərginliyinin arxasındakı səbəblər

  • 12.05.2025
  • 19 baxış

Hindistanın ötən həftə Pakistan ərazisinə həyata keçirdiyi hava hücumları nəticəsində 26 mülki şəxs həlak olub, 47 nəfər yaralanıb. Bahavalpurda məscidin vurulması nəticəsində həlak olan 13 nəfərdən ikisi körpə qızdır. Hava zərbələri Pakistanın nəzarətində olan Azad Kəşmir və Pəncab vilayətlərində 9 hədəfə endirilib.

Pakistan tərəfi Hindistana məxsus 3 Rafale, 1 Su-30 və 1 MiQ-29 təyyarəsini vurduğunu bəyan edib. Hindistan isə Kəşmirdə 3 döyüş təyyarəsinin “qəzaya uğradığını” etiraf edib. 

Pakistan ordusu da cavab olaraq Hindistanda 3 nöqtəyə zərbələr endirib. 

Ancaq gərginlik sonrakı günlərdə daha da şiddətləndi və Hindistan ilk dəfə olaraq Pakistanın paytaxtı İslamabad şəhəri yaxınlığındakı hərbi obyektlərə zərbələr endirdi. Eyni zamanda Pakistan da Hindistan ərazisindəki hərbi obyektləri vurdu. Həmçinin iki ölkə hərbi aviasiyası arasında 2-ci dünya mühairbəsindən bu yana ən böyük hava döyüşü baş verdi. Lakin sonrakı günlərdə gərginlik azaldı və ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan olundu. Artıq Hindistan Pakistana çay suyunun verilişini bərpa edib. Lakin bu, heç də gərginliyin tamamilə aradan qalxdığı mənasına gəlmir.  

Xatırladaq ki, Hindistan və Pakistan arasında sonuncu eskalasiya apreldə Hindistanın Cammu-Kəşmir vilayətində turistlərin ölümünə səbəb olan partlayışdan sonra baş verib. Hindistan terror hücumuna görə Pakistanı ittiham edib və Pakistanla su anlaşmasını pozaraq su verilişini dayandırıb. 

Pakistan hökuməti isə terror aktının onlarla əlaqəsini təkzib edir. 1999-cu il eskalasiyasını nəzərə almasaq Hindistan və Pakistan arasında 1947-ci ildə hər iki dövlət yarandıqdan bu yana 3 böyük müharibə baş verib. İki ölkə arasında əsas münaqişə səbəbi Kəşmir vilayətidir. Bilindiyi kimi, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Kəşmir vilayəti Pakistan və Hindistan ayrılanda mübahisəli ərazi olub. 1952-ci ildə isə Kəşmirin əsas hissəsi Hindistanın tərkibinə daxil olub. Hazırda Kəşmirin əsas hissəsi, yəni təxminən 50 faizi Hindistanın, 30 faizə yaxını Pakistanın, 20 faizə yaxın hissəsi isə Çinin tərkibindədir. 

Ancaq Cammu-Kəşmirin müsəlman qrupları vaxtaşırı Hindistan hökumət qüvvələrinə hücumlar təşkil edir və bu fəaliyyətlər Pakistandakı dini və siyasi qüvvələr tərəfindən dəstəklədiyi üçün Hindistan Pakistanı ittiham edir. 

Lakin Hindistan da boş oturmur, Dehli Kəşmirdə məqsədli şəkildə əhali tərkibini dəyişməyə, kənardan köçürülmə hesabına müsəlman çoxluğunun sayını azaltmağa çalışır. Bu da vaxtaşırı olaraq yerli sakinlərlə hökumət qüvvələri arasında gərginliyə səbəb olur. 

Daha bir faktor isə 2014-cü ildən iqtidarda olan Narendra Modinin Xalq Partiyasının apardığı anti-müsəlman siyasətidir. Modi hökuməti 2019-cu ildə Kəşmirin muxtariyyət statusunu ləğv etməsi bölgədə gərginliyi yenidən artırıb. Çünki hər iki ölkə hələ də Kəşmirə iddia edir. Bir çox siyasi analitiklərə görə, anti-müsəlman və anti-Pakistan ritorikası Hindistanın millətçi hakimiyyətinə siyasi divident gətirdiyi üçün bu cür eskalasiyalarda maraqlıdır.

Digər xəbərlər