
Mərhələ xarakterli bir proses baş verir. PKK terror təşkilatının özünü buraxdığını və silahlarını təhvil verəcəyini açıqlaması son 50 ilə yekun vurmaq deməkdir.
PKK
lideri, İmralı ada həbsxanasında saxlanılan Abdullah Öcalan tərəfindən idarə
olunan proses PKK-nın təşkilati strukturunun ləğv edilməsi, silahlı mübarizə və
ümumilikdə PKK adı ilə aparılan fəaliyyətlərə son qoyulmasını nəzərdə tutur.
PKK ilə barışıq prosesi 2024-cü ilin 22 oktyabrında MHP sədri
Devlet Bahçelinin Öcalana müraciət edərək PKK-nı buraxması və bunun
qarşılığında parlamentdə çıxış etmək və “ümid haqqı” deyilən ömürlük məhkumlara
verilən əfv hüququndan istifadə imkanı yaratmaq sözü verməsi ilə başladı. Bunun
ardınca DEM Partiyasından (keçmiş HDP) bir qrup İmralı adasına gedərək Öcalanla
görüşdü və fevralın 27-də Öcalanın barışıq çağırışı yayımlandı.
Qeyd edək
ki, hökumətə yaxın mənbələr Öcalanın nəzarəti altında olacaq PKK-nın ləğv
prosesinin aşağıdakı mərhələləri əhatə edəcəyini bildirir:
1. PKK
üzvləri İraqın Süleymaniyə və Ərbil şəhərləri də daxil olmaqla 3 məntəqədə
BMT-nin müşahidəsi altında silahlarını təhvil verəcək.
2. PKK-da
yüksək vəzifə tutan 300-dək rəhbər şəxs Cənubi Afrika və Norveç kimi uzaq ölkələrə
gedəcək, onların xüsusən də İran, İraq və Suriya kimi yaxın qonşu və kürd
mövzusunda həssas olan ölkələrə keçidi qadağandır.
3. Həmçinin
ağır cinayətdə ittiham olunmayan əcnəbi PKK üzvləri vətəndaşı olduqları ölkəyə
qayıtmaq haqqı əldə edəcək.
4. Türkiyə
Cümhuriyyəti vətəndaşı olan 4 min PKK üzvü isə sərhəddə mərhələli şəkildə hökumət
qurumlarına təslim olacaq.
5.
Abdullah Öcalan isə İmralı adasında həbsxanada qalacaq.
6.
Qanunvericiliyin imkanları daxilində yaşlı və xəstə PKK üzvləri azadlığa
buraxılacaq, həmçinin sonrakı mərhələdə parlamentdə amnistiya qanunu gündəmə gələcək.
7. DEM
Partiyası yenidən qurulacaq, ancaq bu dəfə heç bir sənəddə PKK adı keçməyəcək.
8. Həmçinin
PKK ittihamı ilə qəyyum təyin olunmuş bələdiyyə sədrlərinin yenidən vəzifələrinə
geri dönməsi məsələsi müzakirəyə çıxarılacaq.
9. PKK-nın
başqa ad altında yenidən təşkilatlanması riskini nəzərə alaraq, Türkiyə bölgədə
hərbi gücünü uzun müddət saxlayacaq.
10.
Suriyada isə YPG-nin taleyi Dəməşq hökuməti ilə birlikdə planlanacaq, suriyalı
olmayan YPG üzvləri ölkədən çıxarılacaq, qalanları isə Suriya ordusuna daxil
ediləcək.
Ən əsası,
bu prosesdə hər hansı xarici dövlət, o cümlədən ABŞ, Fransa kimi təminatçı dövlətlər
olmayacaq. Proses tamamilə Türkiyə dövlətinin nəzarətində həyata keçiriləcək.
Əlbəttə, PKK-nın ləğvi tez və asan baş verməyəcək, proses uzun zaman ala bilər.
Çünki söhbət 40 ildən artıq davam edən, regionun 4 ölkəsində silahlı və siyasi
qanadları, müxtəlif aşkar və gizli yan quruluşları olan bir strukturdan gedir.
Bu strukturun tez bir zamanda və tam tərkibdə silahı yerə qoyması və təslim
olmasını gözləmək sadəlövhlük olardı. Lakin bu prosesdə əsas olan birincisi,
ali səviyyədə, yəni liderlər səviyyəsində verilən qərarlardır, ikincisi isə
yaranmış hərbi-siyasi şəraitdir.
Ötən müddətdə
Türkiyədə başlayan barışıq prosesinə və dünən qəbul olunan qərara reaksiya onu
göstərir ki, hər kəs, bütün etnik və siyasi qruplar bu mövzuda, yəni PKK-nın
silahı yerə qoyması məsələsində həmrəydir.
Qərara
tabe olmayan və ya təslim olmaqdan imtina edənlər marginallaşacaq və təkcə
Türkiyədə deyil, bütünlükdə region ölkələrində təqib ediləcəklər. PKK çətiri
altında fəaliyyət göstərən silahlı qruplar, bilindiyi kimi, yalnız Türkiyədə
deyil, Yaxın Şərqin kürdlərin kompakt yaşadığı digər 3 ölkəsində – Suriya, İraq
və İranda – fəaliyyət göstərib. PKK-nın Türkiyədə başlayan ləğv prosesi heç
şübhəsiz ki, digər adı çəkilən ölkələr üçün də fürsət yaradır. Söhbət hansı
fürsətlərdən gedir?
İlk olaraq
İraqdan başlayaq. Bilindiyi kimi, uzun illər və bu gün də PKK-nın (YPG/PYD
deyil – K.R.) əsas düşərgəsi İraq ərazisində, konkret olaraq Sincar rayonu və
Kandil dağlarında yerləşir. Terror təşkilatının təlim düşərgəsi (Mahsun Korkmaz
Akademiyası – K.R.) İraqdadır. Kandil dağları təkcə Türkiyə PKK terrorçularının
sıöınacağı deyil: həmçinin İranda fəaliyyət göstərən İran Kürdüstan Demokrat
Partiyası (DPK-I), Kürdüstan Azad Həyat Partiyası (PJAK) və İran Kürdüstanı
Komala Partiyası (Komala) kimi silahlı terror təşkilatlarının, habelə Suriyada
fəaliyyət göstərən PYD/YPG-nin də uzun müddət – 2004–2011-ci illər arasında –
İraqda fəaliyyət göstərdiyi məlumdur.
İraq
hakimiyyəti bir sıra səbəblərə görə bu qruplara maneə ola bilmirdi. Lakin son
illərdə situasiya dəyişib. 2017-ci ildə Bərzaninin müstəqil Kürdüstan dövləti
yaratmaq cəhdi Bağdadla kürdlər arasında münasibətləri soyuqlaşdırdı. İndi isə
daha ciddi bir məsələ ortaya çıxıb. İraqın Bəsrə şəhərində Fav limanı ilə
Türkiyənin Aralıq dənizi və Qara dəniz sahillərini birləşdirəcək yeni “İnkişaf
Yolu” nəqliyyat dəhlizi məhz İraqın şimalında PKK-nın fəal olduğu bölgədən
keçir. Bu səbəbdən də indi Bağdad da ən azı Türkiyə qədər PKK və digər terror
qruplarının o bölgədən çıxarılmasında maraqlıdır. Çünki nəqliyyat qovşaqları üçün
ən böyük risk silahlı terror qruplarıdır. Məhz bu səbəbdən də ötən il ilk dəfə
olaraq İraq hökuməti PKK-nı terror təşkilatı siyahısına daxil etdi.
Suriyada
yeni hakimiyyət zəifdir. Mart ayında ABŞ-ın diktəsi ilə SDQ (kürdlər) və Dəməşq
arasında barışıq sazişi imzalandı. Lakin aprelin 26-da “Rojava”da (Suriyanın
kürd nəzarətində olan hissəsinə kürdlər belə deyir – K.R.) konqres keçirən
kürdlər Dəməşqdən bir sıra tələblər, o cümlədən kürd dilinə ikinci rəsmi dil
statusu və muxtariyyət tələb etdilər. Əlbəttə, Dəməşqin indi kürdlərlə
qarşıdurmaya getməyə imkanları yoxdur. Lakin aydın məsələdir ki, kürd “fəallığından”
narahatdır. Yaxın gələcəkdə Suriyada yeni bir kürd–ərəb qarşıdurması qaçılmaz
ola bilər.
İranla məsələ
daha açıqdır. Tehran üçün kürd separatizmi hər zaman təhlükə hesab olunur. Keçən
ay İranın təzyiqi ilə İraqın Milli Təhlükəsizlik Şurası anti-İran qüvvələrin
ölkə ərazisində istənilən fəaliyyətinin qadağan olunmasına dair qərar qəbul
edib.
Başqa sözlə,
Türkiyədə başlayan proses ümumilikdə regionda kürd məsələsi ilə bağlı yeni bir
üfüq açır və uzun illərdir dağlarda silahlı terror fəaliyyətlərinə son
qoyulması üçün təcrübə və imkanlar ortaya qoyur.
Bu məsələdə
təbii ki, hər şey Türkiyədə başlayan prosesin gedişatı və nəticəsindən asılı
olacaq. Türkiyə təcrübəsi uğurlu olarsa, bu, ümumilikdə region üçün yeni bir mərhələyə
çevriləcək.
Bu proses
Yaxın Şərq regionunda, xüsusən də “kürd məsələsinin” mövcud olduğu İraq və
Suriyada kürdlərlə yanaşı yaşayan türkmən icması üçün də yeni bir fürsət
yaradır. Son illərdə həm İraq, həm də Suriyada baş verənlər türkmən icmasının fəallaşdığını
göstərir. 2023-cü ildə İraq hökumətinin Kərkük vilayətində türkmən (türk) dilinə
rəsmi status verməsi Bağdadın kürd faktoru qarşısında türkmən reallığını qəbul
etdiyinin göstəricisi idi. Bunun daha bir bariz nümunəsi isə ötən həftə
Ankaraya rəsmi səfərə gələn İraq baş naziri Məhəmməd Şia əs-Sudani özü ilə
birlikdə heyətdə İraq Türkmən Cəbhəsinin sədrini də gətirməsi türkmən siyasəti
baxımından ciddi bir yenilik sayıla bilər.
Suriyada
da son aylarda türkmən kimliyi mövzusunda ciddi bir irəliləyişin olduğunu qeyd
etmək lazımdır. Mart ayında türkmən əsilli general Fəhim İsanın Suriya müdafiə
nazirinin müavini və şimal bölgəsi ordu komandanı təyin olunması, həmçinin
general Seyfəddin Poladın 76-cı diviziyaya komandir təyin olunması, Hüseyn
İsanın Hələb Ticarət Palatasının sədr müavini, Mustafa Culha adlı şəxsin isə
Lazqiyyə vilayətinin şimal rayonunun valisi təyin olunması türkmənlərin Suriya
siyasətində, xüsusən də türkmənlərin (həm də kürdlərin) kompakt yaşadığı şimal
rayonlarında ordu və dövlət idarəsində etimad göstərildiyini sübut edir. Həm
İraqda, həm də Suriyada yeni dövrdə türkmənlərin daha çox irəli çəkilib etimad
qazanacağı ehtimalı yüksəkdir.
Nəticə
etibarilə regionda baş verənlər böyük bir yenilənmə prosesidir və burada ənənəvi
oyun qaydalarının və oyunçuların yerinin dəyişməsi qaçılmazdır.