Trampın “bahalı” Yaxın Şərq turu – neft dollarları Amerika iqtisadiyyatı üçün dərman ola biləcəkmi?
- 19.05.2025
- 2 baxış

Ötən
həftənin əsas hadisələri sırasında heç şübhəsiz ki, ABŞ prezidenti Donald Trampın
Yaxın Şərq turu oldu. Trampın körfəz ölkələrinə səfəri bir sıra sürprizlərlə
yadda qaldı. Əlbəttə, səfərin ən diqqət cəlb edən hissəsi ABŞ prezidentinin 3 ərəb
ölkəsindən 3 trilyon dollar dəyərində sərmayə əldə etməsi idi.
Xatırladaq
ki, Tramp birinci prezidentliyi dövründə ilk xarici səfərini 2017-ci ilin
mayında Səudiyyə Ərəbistanına etmiş və burada ümumilikdə 450 milyard dollar dəyərində
sərmayə razılaşmaları əldə etmiş, o cümlədən 110 milyard dollar dəyərində
silah-sursat satışı müqaviləsi imzalamışdı. Nəticədə bu razılaşmalar Amerika
iqtisadiyyatını dirçəltmiş, işsizlik ciddi şəkildə azalmış və sənaye böyümüşdü.
Bu il
prezident kimi and içdikdən dərhal sonra ABŞ prezidenti elan etdi ki, 500
milyard dollarlıq sərmayə qarşılığında ilk xarici səfərini Səudiyyə Ərəbistanına
edə bilər. Buna cavab olaraq Krallıq 600 milyard sərmayə təklif etdi və nəticədə
bu səfər baş tutdu.
Həftə
ərzində ABŞ prezidenti sıra ilə əvvəl Səudiyyə Ərəbistanına, ardınca Qətərə,
oradan isə Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi və hər 3 ölkədə Amerika dövləti
və iqtisadiyyatı üçün böyük canlanma vəd edən sərmayə müqavilələri imzaladı.
ABŞ
prezidentinin əvvəldən elan edildiyi kimi ilk səfər etdiyi ölkə Səudiyyə Ərəbistanı
oldu. Bu ölkədə ümumilikdə 1 trilyon dollara yaxın sərmayə, silah və texnika,
habelə təyyarə satışı razılaşmaları imzalandı.
Razılaşmaya
əsasən, Səudiyyə ABŞ-da müdafiə sənayesi, enerji təhlükəsizliyi, süni intellekt,
texnoloji liderliyin təminatı və faydalı qazıntı yataqlarının işlənməsi kimi
layihələrə ümumilikdə 600 milyard dollar sərmayə yatırmağı öhdəsinə götürüb.
ABŞ Səudiyyə
Ərəbistanına 4,8 milyard dollar həcmində “Boeing 737-8” təyyarələri, habelə 142
milyard dollar həcmində silah-sursat və hərbi texnika satacaq.
Donald
Trampın ikinci “dayanacağı” Qətərdə isə sazişlərin ümumi məbləği daha böyük
oldu - 1,2 trilyon dollar. Bunun 243 milyard dolları Boeing təyyarələri və GE
Aerospace motorlarının satışı təşkil edəcək. Qatar Hava Yolları 210 ədəd
“Boeing-787 Dreamliner” və “Boeing-777X” təyyarələri, həmçinin onlarını
motorları alacaq.
Bundan
başqa Qətər ABŞ-dan 42 milyard dollar dəyərində silah və texnika alacaq və
ABŞ-ın Qətərdə yerləşən əl-Udeyd hərbi hava bazasına 10 milyard vəsait
yatıracağı ilə bağlı öhdəlik götürdü.
ABŞ
prezidentinin Yaxın Şərq turunun son dayanacağı olan Birləşmiş Ərəb Əmirlikləri
isə Trampa qarşıdakı 10 il ərzində ABŞ-a 1,4 trilyon dollar sərmayə yatırılması
barədə vəd verdi. BƏƏ razılaşamalarının detalları açıqlanmır. Açıqlanan məlumatlara
əsasən BƏƏ süni intellekt sahəsində istifadə edilən yarımkeçirici çipləri əldə
etməsinin asanlaşdıran razılaşma imzalanıb.
Əlbəttə,
qeyd olunan bu fantastik rəqəmlərin heç də hamısı nağd şəkildə ABŞ-a getməyəcək.
Konkret alğı-satqı müqavilələri istisna olmaqla yerdə qalanlar daha çox niyyət
xarakterli razılaşmalardır. Lakin bunun özü belə ABŞ iqtisadiyyatı və birjalar
üçün böyük canlanma deməkdir.
Təkcə
bir fakta diqqət etmək lazımdır ki, ABŞ Səudiyyə Ərəbistanı ilə 142, Qətərlə isə
96 milyard dollar dəyərində təyyarə və silah-sursat müqaviləsi imzalayıb. Bu,
ABŞ silah sənayesi üçün böyük bir sərmayə və qazanc deməkdir. Həmçinin ABŞ sənayesi
üçün minlərlə yeni iş yerləri, sifarişlər və canlanma deməkdir.
ABŞ
prezidentinin Yaxın Şərq səfərinin daha bir mühüm detalı Suriya ilə bağlı hissə
oldu. Xatırladaq ki, Tramp Səudiyyə Ərəbistanında olarkən Suriyanın keçici
prezidenti Əhməd əş-Şara ilə görüşdü və Suriyaya tətbiq olunan ABŞ
sanksiyalarını qaldırmaqla bağlı göstəriş verdi. Daha sonra Tramp, vəliəhd-şahzadə
Məhəmməd bin Salman, Əhməd əş-Şaranın birgə iştirakı və Türkiyə prezidentinin
onlayn şəkildə qatıldığı 4-lü toplantı keçirildi.
ABŞ
hakimiyyətinin Suriyaya sanksiyaları qaldırması qərarı Suriyada böyük təsir
doğurdu. Yeni hökumət və tərəfdarları küçələrə çıxaraq bu hadisəni qeyd etdi.
Xatırladaq ki, ABŞ hakimiyyəti Suriyada vətəndaş müharibəsi başlayandan sonra
Suriyaya sanksiya tətbiq etmişdi.
Lakin
Trampın Əhməd əş-Şara ilə görüşü yalnız sanksiyaların qaldırılması ilə məhdudlaşmır.
Bu görüşdən bir neçə nəticə çıxarmaq olar. Əvvəla, ABŞ prezidenti Səudiyyə Ərəbistanının
vasitəçiliyi ilk dəfə Suriya prezidenti ilə görüşdü, belə demək olarsa onun
hakimiyyətini qəbul etmiş oldu.
İkincisi,
ABŞ prezidentinin Suriya prezidenti və Səudiyyə şahzadəsi ilə görüşünə Türkiyə
prezidentinin onlayn formada qatılması ABŞ dövlətinin Suriya ilə bağlı siyasətinin
konturlarını açır. ABŞ üçün vasitəçi Səudiyyə Ərəbistanı olsa belə, Suriyanın əsas
qəyyum dövləti Türkiyədir və Tramp Ərdoğanın toplantıya qatılmasını istəməklə
bir daha təsdiqləmiş oldu. Yeri gəlmişkən, Tramp bu mövqeyini bu ilin aprelində
Ağ Evdə İsrail baş naziri ilə görüşündə də ifadə etmişdi.
Ərdoğanın
ər-Riyadda keçirilən görüşə qatılması Suriya ilə bağlı Trampın ümumi baxışını
ortaya qoymuş olur. Maraqlıdır ki, Yaxın Şərqdə ABŞ-ın əsas müttəfiqi olan Səudiyyə
Ərəbistanı ABŞ-ın mandatı ilə Livanda fəal siyasət aparsa da, Suriyada Türkiyə
ilə hesablaşmalı olub. Belə görünür ki, Suiryada dominant rol Türkiyəyə
verilib. Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələr isə yardımçı roldadır.
Ümumilikdə
Trampın əş-Şara ilə görüşü Suriya üzərindən sanksiyaların qalxması və ölkəyə
xarici yardım və sərmayələrin daxil olması üçün şərait yaradacaq. Lakin əlbəttə,
bunun bir bədəli olacaq. Məsələn, Trampın Yaxın Şərq turunun davam etdiyi günlərdə
Trampın Yaxın Şərq üzrə elçisi Stiv Uitkof bildirdi ki, “İbrahim Razılaşmaları”
planı daha da genişlənəcək və bura Azərbaycan, Ermənistan və eləcə də Suriya və
Livanın daxil olması üzərində iş gedir. Azərbaycan və Ermənistanın bu sazişə
daxil olması ehtimalı ayrı araşdırmanın mövzusudur. Lakin belə görünür ki, əş-Şaranın
Trampla görüşə çağırılması və sanksiyaların ləğvinin qarşılığında yeni Dəməşq
hökumətindən İsraillə barışıq prosesinə qoşulması şərti irəli sürülüb. Hər nə qədər
indiki İsrail işğalının davam etdiyi dövrdə çətin görünsə də, qeyri-mümkün də
deyil.
Bütün
hallarda Yaxın Şərq mahiyyət etibarı ilə yeni bir dövrə qədəm qoyur. Lakin bir
şey aydındır ki, qarşıdakı 10 il bölgədə müharibə və hərbi-siyasi gərginliklər
davam edəcək.
P.S.
ABŞ prezidenti Yaxın Şərq turu çərçivəsində Netanyahu ilə münasibətləri pisləşdiyi
üçün İsrailə səfər etmədi. Lakin bunun əvəzində İsrail ordusu Qəzzada
bombardmanları tam gücü ilə davam etdi. Dünəndən etibarən isə İsrail ordusu Qəzza
zolağında “tam gücü” hərbi əməliyyatların ikinci və şiddətli fazasını başladıb.