Türkiyədə həbs olunan çinli agentlərin hekayəsi

  • 26.05.2025
  • 67 baxış

Mayın 21-də Türkiyə kəşfiyyatı (MİT), polis və prokurorluq 7 Çin vətəndaşını həbs edib. Medianın məlumatına əsasən, İstanbul, İzmir, Manisa, Balıkesir və Bursada keçirilən əməliyyatlar zamanı ələ keçən şəxslər baza stansiyası qurmuş və saxta məmur sənədləri ilə hökumət məmurları və uyğurlar haqqında məlumatlar toplayıblar.

Saxlanılan 7 nəfərdən Türkiyəyə hissə-hissə keçirilmiş texnoloji avadanlıqlar, izləmə cihazları götürülüb. Bu cihazlar vasitəsilə uyğurların şəxsi və əlaqə məlumatları toplandığı ehtimal olunur. 

Son illərdə “casuslar şəhərinə” çevrilmiş İstanbulda təhlükəsizlik orqanları vaxtaşırı olaraq xarici agentura şəbəkələrini ifşa edib. Bu sırada İran, İsrail, BƏƏ kimi dövlətlər var. 

Çinin uyğurları izləməsi isə yeni hadisə deyil. Çin Türkiyədə gizlənmiş uyğur fəalları Sincan-Uyğur Muxtar Vilayətində qeyri-sabitlik yaratmağa çalışmaqda ittiham edir. Bununla bağlı daha əvvəl də Türkiyə və Çin arasında diplomatik qalmaqallar yaşanıb. 

Lakin bu dəfəki əməliyyat həm də Suriyadakı proseslərlə əlaqədar olduğu üçün diqqəti cəlb edir. Çünki bir gün əvvəl, yəni mayın 20-də Türkiyə mediası Suriyada fəaliyyət göstərən uyğur cihadçı qruplaşması olan Türküstan İslam Partiyasının (TİP) özünü buraxaraq 88-ci diviziya adı altında Suriya müdafiə Nazirliyi tabeliyinə keçdiyi haqda xəbər yaydı. 

Suriyada vətəndaş müharibəsinin ilk illərində yaradılmış TİP uzun illər İdlibdə Bəşər Əsəd ordusuna qarşı vuruşub. Təxminən 15 minə yaxın döyüşçüsü olan TİP ən güclü cihadçı qruplardan biri hesab olunub, Suriyada uyğurların ayrıca yaşayış məntəqələri belə olub. 

Bəşər Əsəd devrildikdən sonra əcnəbi cihadçıların, o cümlədən uyğurların taleyi sual altında idi. Medianın yazdığına görə, mayın 14-də ər-Riyadda Suriya prezidenti Əhməd əş-Şara ilə görüşündə Tramp əcnəbi cihadçıları Suriyadan çıxarmağı tələb edib. Belə görünür ki, uyğurları çıxarmaqdansa əş-Şara sürətli qərar qəbul edərək onları Suriya ordusuna inteqrasiya edib. 

Lakin görünür ki, Türkiyə və Qərb kəşfiyyatında Çinin uyğurları izləməyə alması barədə xəbərləri olub. Buna görə də əks-zərbə olaraq Türkiyədə uyğurları izləyən Çin agentləri həbs olunub. Yeri gəlmişkən, mayın 20-də Türkiyə MİT-nin sədri İbrahim Kalın gözlənilmədən Dəməşqə gedərək prezident, XİN rəhbəri və kəşfiyyat rəisi ilə görüşüb. Bu qərar da güman ki, orda qəbul olunub.

Digər xəbərlər