Livan hakimiyyəti İsrail və silahlı qruplar arasında

  • 30.05.2025
  • 40 baxış

İsrail ordusu Livanın cənubunda Vezzani çayı sahilində təpəyə bayraq sancıb. 

Qeyd edək ki, hazırda Livan-İsrail sərhədindən 3 kilometr içəridə İsrailin hələ də əlində saxladığı ümumilikdə 7 nöqtə qalır.

İsrail ordu qüvvələri hələ də Livan ərazisində yaşayış məntəqələrini aviasiya və top atəşləri ilə vurur. 

Livan hökuməti isə bir tərəfdən İsrailin ölkə ərazisindən çıxması, digər tərəfdən isə ölkədəki silahlı qruplar ləğv etməyə çalışır. Prezident Cozef Aun amerikalı senatorlarla görüşdə bildirib ki, hakimiyyət Livan ərazisindəki silahlı qrupları ləğv etmək üçün yaxında hərəkətə başlayacaq. Söhbət iki əsas silahlı qrupdan - Hizbullah və Həmasdan gedir. Lakin eyni zamanda Livanda hələ də fələstinli qaçqın düşərgələrində müxtəlif qruplara mənsub silahlı fələstinlilər qalır. 

Livan baş naziri Nəvvaf Salam isə bir qədər əvvəl bildirib ki, Livanda dövlətin nəzarətindən kənarda heç bir silahlı qrupun varlığı qəbul edilməyəcək və İranın inqilab ixracına son qoyulacaq. 

Hizbullah isə hökumətlə barışığa ümid edir. Qrupdan olan deputat Məhəmməd Raad bildirib ki. onlar hökumət və prezidentlə danışıqlar apararaq aradakı anlaşmazlığı götürməyə ümid edirlər.

Lakin Suriya hökumətinin Livana silahların keçirilməsinin qarşısını alması vəziyyəti daha da gərginləşdirib. Livanda yaranmış mürəkkəb vəziyyətin fəlakətli nəticəyə aparması riskləri isə sürətlə artır. 

Məsələ ondadır ki, Livan ordusunun İsrailin işğal hərəkətlərinin qarşısını almaq üçün silah və texniki imkanları məhduddur. Aydındır ki, birbaşa müharibə olarsa İsrail qısa zamanda Beyruta qədər irəliləyə bilər. ABŞ və Fransa hökumətlərinin noyabrda əldə etdiyi atəşkəs və İsrail ordusunun Livan ərazisini tərk etməsi haqda razılaşmaya faktiki olaraq İsrail əməl etmir. 

Livan hökuməti isə Qərb qarşısında qeyri-dövlət silahlı qrupları ləğv etmək öhdəliyi götürüb. Lakin İsrailin atəşkəs öhdəliyinə əməl etməməsi Livan hakimiyyətini çətin vəziyyətdə qoyur və silahlı qrupların varlığı arqumentini gücləndirir. Hökumət ölkə vətəndaşlarını Hizbullahsız Livanın daha sabit və müharibəsiz olacağı vədini gerçəkləşdirə bilmir. İsrail Livan ərazilərinə bayraq sancması Hizbullahın mövcudluq arqumentini haqlı göstərir. Qərb isə faktiki olaraq İsraili Livandan çıxara bilmir. Livan hökuməti isə indi həm İsrail ölkədən çıxarmalı, həm də silahlı qruplarla hesablaşmalı olacaq.

Digər xəbərlər