Vaşinqtonun Suriyada kürd siyasəti

  • 03.06.2025
  • 30 baxış

Suriya kürdlərinin lideri, “Suriya Demokratik Qüvvələri” koalisiyasının lideri Mazlum Abdinin keçən həftə Türkiyə ilə əlaqələrinin olmasına dair açıqlaması rəsmi Ankara tərəfindən təkzib olundu. Türkiyə XİN bəyan edib ki, hazırda Türkiyə rəsmiləri ilə Mazlum Abdi arasında hər hansı görüş planı və hazırlıq yoxdur.

Qeyd edək ki, “Al-Monitor” saytında yer alan və daha sonra region mediasında tirajlanan xəbərdə deyilir ki, Abdinin yaxın zamanda xarici işlər naziri Hakan Fidan və ya kəşfiyyat rəisi İbrahim Kalınla görüşəcək. 

Yazıda bildirilirdi ki, ötən həftə Dəməşqdə ABŞ səfirliyinin açılışını həyata keçirən ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak eyni zamanda Mazlum Abdi və Suriya hakimiyyəti ilə danışıqlar aparıb. Bu zaman Mazlum Abdiyə Dəməşqdə Türkiyə rəsmiləri ilə görüş təklif olunub. 

Ancaq görünür ki, Vaşinqtonun kürdlər və Ankara arasında barışıq təşəbbüsü Türkiyə hökumətini qane etməyib. Çünki ötən həftə cümə axşamı prezident Ərdoğan deyib ki, kürdlər Suriya hakimiyyəti ilə imzalanmış inteqrasiya razılaşmasının icrasını yubadırlar. Ərdoğan kürdlərin öhdəlikləri tez bir zamanda icra etməli olduğunu deyib. 

Xatırladaq ki, martın 10-da Suriya prezidenti Əhməd əş-Şara və Mazlum Abdi arasında Dəməşqdə amerikalıların təşəbbüsü ilə kürd qüvvələrinin Suriya ordusuna inteqrasiyası və bölgədə Suriya hökumət qurumlarının fəaliyyətə başlaması barədə razılaşma əldə olunub. 

Lakin aprelin 26-da kürdlər Suriyada “milli konfrans” keçirərək Dəməşq qarşısında bir sıra şərtlər irəli sürüb. Bunların arasında kürd muxtariyyəti, bərabər hüquqlar və kürd dilinin dövlət dili statusu alması da olub. Tələb Dəməşqdə narazılıqla qarşılansa da, hazırda ABŞ-dan asılı olan Əhməd əş-Şara indi kürdlərə qarşı sərt atması mümkün deyil. Üstəlik ötən aylarda kürdlərə qarşı hərbi əməliyyatlar da nəticə verməyib. 

Bu vəziyyət Ankaranı narahat edir. Türkiyə hakimiyyəti başa düşür ki, Vaşinqton Suriyada Türkiyəyə mandat vermək qarşılığında İsrail və kürd məsələsində loyallıq tələb edir. Ankara isə kürd məsələsində ən azı müəyyən etdiyi çərçivənin qorunmasını istəyir. Çünki Ankara PYD-ni terror təşkilatı hesab edir və PYD liderliyində kürd muxtariyyəti qurulmasını özü üçün təhlükə qəbul edir və daha məqbul şərtlər tələb edir.

Digər xəbərlər