
Bu ilin sonuna qədər İsrail və Suriya arasında barışıq sazişi imzalanacaq. Bu barədə İsrail mediası Suriyadakı hökumətə (!?) yaxın mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, bu yazı ilə eyni günlərdə Suriya dövlət başçısı Əhməd əş-Şaranın diplomatik kanallar və beynəlxalq təşkilatlar vasitəsilə İsrailin Suriyanın cənubunda hücumları dayandırması üçün danışıqlar apardığı haqda xəbərlər yayılmışdı.
İsraildə fəaliyyət göstərən ərəbdilli “I24 NEWS” saytının yazdığına görə, gizli danışıqların əsas mövzusu İsrailin 2024-cü il dekabrın 8-dən, yəni Bəşər Əsədin devrilməsindən sonra işğal etdiyi Suriya ərazilərindən, o cümlədən, Hermon (Şeyx) dağından mərhələli olaraq çıxmasını, yəni 1974-cü il razılaşmasına geri dönməsini nəzərdə tutur. Bu zaman ilkin olaraq İsraillə təhlükəsizlik sazişi imzalanması və sonrakı mərhələdə Suriyanın “İbrahim Razılaşmasına” daxil olması, yəni İsraillə diplomatik əlaqələr qurması nəzərdə tutulur.
Ancaq məsələ ondadır ki, bu prosesdə Colan təpələri mövzusu arxa plana keçir və bu da o deməkdir ki, saziş imzalanacağı təqdirdə Suriya rəsmi olaraq Colandan imtina etmiş olacaq. İkinci məsələ isə Fələstin münaqişəsidir. Fələstin münaqişəsi həll olunmadan Suriyanın da İsraillə barışığa getməsi Fələstin münaqişəsinin həllini çətinləşdirəcək.
Xatırladaq ki, Suriya və Livanın “İbrahim Razılaşmasına” qoşulacağını ilk dəfə bu ilin martında ABŞ prezidentinin Yaxın Şərq üzrə təmsilçisi Stiv Uitkof deyib. Bir neçə həftə əvvəl amerikalı rəsmilər bu iddianı yenidən irəli sürüblər. Belə görünür ki, Suriya və İsrail arasında barışıq prosesi artıq başlayıb.
Ancaq bu məsələyə birmənalı baxış yoxdur. Suriyanın yeni hakimiyyətinin nəzərində İsraillə barışıq Qərb ölkələri ilə əlaqələrin qaydaya salınması, İsrail işğalının dayanması, təhlükəsizlik təminatı kimi vacib məsələlərə görə əlverişlidir. Ən əsası belə görünür ki, Vaşinqton siyasi və iqtisadi güzəştlər qarşılığında Əhməd əş-Şaradan məhz bunu tələb edir.