
Məlum olduğu kimi, aprelin 17-də Səudiyyə Ərəbistanı müdafiə naziri, şahzadə Xalid bin Salmanın İrana rəsmi səfər edib. İranda yüksək səviyyədə qarşılanan Səudiyyə şahzadəsi ali dini lider Əli Xameneyi, prezident Məsud Pezeşkiyan, baş qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb, həmçinin kral Salmanın məktubunu Əli Xameneyiyə təqdim edib.
Qeyd edək ki, uzun illər Səudiyyə Ərəbistanı və İran arasında münasibətlər soyuq olub. Xüsusən də 2015-ci il Həcc ziyarəti zamanı iranlı zəvvarların kütləvi şəkildə ölümü və 2016-cı ildə Səudiyyə Ərəbistanını şiə icmasının nüfuzlu din xadimi Şeyx Baqir Nimrin edam edilməsindən sonra münasibətlər kəskin şəkildə pisləşib. Yəməndə isə faktiki olaraq iki ölkə arasında Proxy müharibəsi aparılıb.
Lakin 2023-cü ilin martında İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə Pekində barışıq razılaşması imzalayıb. Bundan sonra münasibətlər normallaşmağa doğru gedib.
Şahzadə Xalid bin Salman Tehranda yerli mediaya deyib ki, iki ölkə regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaya bilər. Həmçinin İran tərəfi də münasibətlərdən razı olduğunu, Krallığın Fələstin və Qəzza məsələsində oynadığı rolu yüksək qiymətləndirib.
Şahzadə Xalid bin Salmanın İran dini liderinə təqdim etdiyi məktubun mətni məlum olmasa da, ABŞ-ın İrana hücumu və Yəmən mövzusunun yer aldığı ehtimal olunur.
Keçən ay İran rəhbərliyi qonşu ölkələrə mesaj göndərərək öz ərazisindən İrana qarşı istifadəyə icazə verən ölkələri düşmən olaraq görəcəyini açıqlayıb. Bir sıra ölkələr, o cümlədən, Səudiyyə Ərəbistanı öz ərazisindən İrana qarşı istifadəyə icazə verməyəcəyini bəyan edib.
İkincisi isə Yəmən ətrafında vəziyyətdir. İddialara görə, ABŞ Yəməndəki silahlı qruplar vasitəsilə husilərə qarşı quru əməliyyatına hazırlaşır. Ancaq BƏƏ-nin də dəstək verdiyi bildirilən əməliyyata uzun müddət husilərlə müharibə aparan Səudiyyə Ərəbistanı soyuq yanaşır, qatılmaq istəmir. Bunun əsas səbəbi isə husilərin Qırmızı dənizi məhz Qəzza məsələsinə görə bağlamasıdır. Ərəb-islam aləminin liderliyinə iddia edən Səudiyyə Ərəbistanı isə bu şərtlərdə fürsətcil rolda çıxış etmək istəmir. Güman ki, Səudiyyə Ərəbistanı bu səbəbdən Yəmən və ümumiyyətlə, regional vəziyyətlə bağlı İrana əməkdaşlıq təklif edir. İranın isə bu gedişatdan razı qaldığı hiss olunur.